30/08/2018 11:56

AG600 “Ağ əjdaha”nın uçuş testləri yekunlaşdı

Çinin “Aviation Industry Corporation of China” (AVIC) şirkətinin istehsalı olan AG600 amfibiya təyyarəsinin uçuş testləri tamamlanıb.

“AzeriDefence”nin məlumatına görə, bu barədə AVIC şirkəti xəbər yayıb.

Dünyanın ən böyük amfibiya təyyarəsi hesab olunan AG600 “Ağ Əjdaha”nın ilk uçuşu 2017-ci ilin dekabında həyata keçirilib. Bundan sonra AG600 amfibiya təyyarəsinin su üzərində sınaqları keçiriləcək. “Ağ Əjdaha”nın ilk partiyasının 2022-ci ilə qədər sifarişçiyə təhvil verilməsi nəzərdə tutulub. Çin 15 il ərzində ümumilikdə 60 ədəd AG600 “Ağ Əjdaha” təyyarəsini xidmətə almağı planlaşdırır.

AG600 amfibiya təyyarəsi havadan yanğınla mübarizə və axtarış-xilasetmə əməliyyatları üçün hazırlanıb. AG600 təyyarəsinin uzunluğu 36,9 metr, qanadlarının kənar nöqtələri arasındakı məsafə 38,8 metr, çəkisi 53,5 ton, sürəti 500 km/saat, uçuş mənzili 4 500 km təşkil edir. Amfibiya təyyarəsi 20 saniyə ərzində 12 ton su toplaya bilir. 12 saat havada qala bilən təyyarənin 50 nəfər sərnişin daşıma qabliyyəti də var.