11/11/2017 22:23

Ağdamda Ermənistan istehsalı olan piyada əleyhinə mina aşkar edilib

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) noyabrın 10-da Ağdam rayonu, Əfətli kəndi ərazisində 1 ədəd minanın olması barədə məlumat daxil olub.

ANAMA-dan “AzeriDefence”yə verilən xəbərə görə, məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə Qarqar çayının sahilində 1 əkin sahəsinə baxış keçirilib. Aparılan əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd 2015-ci il Ermənistan istehsalı olan piyada əleyhinə mina (PMN-E) aşkar edilib və daşınması mümkün olmadığına görə noyabrın 11-də partlayış yolu ilə yerində zərərsizləşdirilib.

Aşkar olunmuş minanın ətrafında 12 000 kv.m əraziyə yerüstü baxış keçirilib,  bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.