14/10/2018 21:18

Ağdamda Ermənistan istehsalı olan piyada əleyhinə mina tapılıb – FOTOLAR

Ağdamda Ermənistan istehsalı olan piyada əleyhinə mina tapılaraq zərərsizləşdirilib.

Bu barədə “AzeriDefence”yə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən məlumat verilib.

Məlumatda bildirilir ki, oktyabrın 14-ü saat 10:54-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Ağdam rayonu, Əfətli kəndi ərazisində 1 ədəd minanın tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Ağdam rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Ağdam rayon Polis şöbəsinin əməkdaşları tərəfindən qeyd olunmuş ərazidə Qarqar çayının sahilinə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd Ermənistan istehsalı olan piyada əleyhinə mina (PMN-Э) aşkar olunub, daşınması mümkün olmadığına görə yerində zərərsizləşdirilib.