02/02/2018 10:57

Ağstafada 517 ədəd, Xızıda 16 ədəd partlayıcı sursat aşkarlanıb – FOTO

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən partlamamış hərbi sursatların zərərsizləşdirilməsi tədbirləri davam etdirilir.

ANAMA-dan “AzeriDefence”yə verilən məlumata görə, Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar ANAMA-nın digər aidiyyati qurumlarla birgə keçirdiyi əməliyyat tədbirləri çərçivəsində fevralın 1-də hərbi hissənin ətrafına baxış keçirilib, 16 ədəd partlamamış hərbi sursat (PHS), 93 ədəd partlamış-yanmış mərmi qalıqları və 228 kq yandırma məhsulu aşkar edilərək götürülüb. Nəticə etibarilə 720 000 kv.m (72 ha) ərazi yoxlanılıb.

Bundan başqa, yanvarın 26-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Ağstafa rayonu, Saloğlu qəsəbəsi ərazisində silah-sursatın tapılması barədə məlumatlar daxil olub.

Agentliyin mütəxəssisləri tərəfindən həmin tarixdə yuxarıda adı qeyd olunmuş ərazidə 1 otlaq sahəsinə baxış keçirilib, aparılan əməliyyat axtarış tədbirləri nəticəsində 20 ədəd müxtəlif növ partlamamış hərbi sursat aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Torpağın altında digər sursatların olmasını, hava şəraitinin yağıntılı və küləkli olmasını nəzərə alaraq əməliyyat-axtarış tədbirlərinin 29 yanvar – 01 fevral 2018-ci il tarixlərində davam etdirilib, nəticədə əlavə olaraq 497 ədəd müxtəlif növ partlamamış hərbi sursat, 88 kq yandırma məhsulu aşkar edilib.

Ümumilikdə Ağstafada 517 ədəd müxtəlif növ partlamamış hərbi sursat aşkar edilib, 515 ədədi Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb, 2 ədəd partlamamış hərbi sursatın daşınması mümkün olmadığına görə, fevralın 1-də yerində partlayış yolu məhv edilib. Aşkar olunmuş partlamamış hərbi sursatların ətrafında 10 000 kv.m əraziyə yerüstü, 675 kv.m əraziyə isə yeraltı baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.