17/06/2017 15:51

Albaniya HDQ patrul katerlərini NARWHAL döyüş modulu ilə silahlandırır

Albaniyanın Hərbi Dəniz Qüvvələri (HDQ) ilə Fransanın “Nexter Systems” şirkəti arasında NARWHAL döyüş modulunun alğı-satqısına dair müqavilə imzalanıb.

Bu barədə “AzeriDefence” xarici mediaya istinadən məlumat verib.

Müqaviləyə əsasən “Nexter Systems” şirkəti Albaniya Hərbi Dəniz Qüvvələrinə 4 ədəd distans idarə olunan NARWHAL döyüş modulunun satışını həyata keçirəcək.

Müqavilə çərçivəsində “Nexter Systems” şirkəti sifarişçini döyüş sursatı və texniki xidmət ilə təmin edəcək.

NARWHAL döyüş modulu 2008-ci ildən Albaniya donanmasının gəmi parkında yer alan “Stan Patrol 4207” katerlərinə inteqrasiya olunacaq.

“Stan Patrol 4207” katerləri birinci iki sistemlə 2017-ci ilin sonunda təchiz olunacaq. İkinci cütlük isə 2018-ci ilin ikinci yarısında sifarişçiyə təhvil veriləcək.

NARWHAL sistemi 20 mm çaplı 20M621 topu ilə təchiz edilib. Stabilləşdirilmiş Top Sistemi (NARWHAL) döyüş gəmilərində, gözətçi, sahil təhlükəsizlik katerlərində və digər gəmilərində istifadə edilmək üçün yaradılıb.

Optik görüş və silah nişangahı gecə və pis görmə şərtlərində adi gözlə görünməyən hədəflərin müəyyən edilməsi, avtomatik tanınması, təqibi və bu hədəflərə atəş etməyə imkan verir.