26/12/2018 16:10

“Albayraklar” yeni elektroşok silah hazırlayıb – VİDEO

Türkiyənin “Albayraklar” şirkəti tərəfindən “Wattozz” adı verilən yeni elektroşok silah hazırlanıb.

Bu barədə “AzeriDefence”yə “Albayraklar” şirkətindən məlumat verilib.

“Albayraklar”ın idarəetmə sədri Adnan Albayrak bildirib ki, şirkət Türkiyəni ildə 250 milyon ABŞ dolları dəyərində “Wattozz” elektroşok silahla təmin etməyi planlaşdırır. “Albayraklar” 2018-ci il dekabrın 19-da 5 milyon ABŞ dolları dəyərində “Wattozz” silahın Malaziyaya ixracına dair müqavilə bağlayıb.

Qeyd edək ki, “Wattozz” elektroşok silahın bənzəri ABŞ-da “Taser” adıyla istehsal olunur. Köhnə naqilli texnologiya ilə hazırlanan “Taser” ciddi yaralanmalara yol açdığı üçün bəyənilmir.

A.Albayrak bildirib ki, milli imkanlar hesabına hazırlanan “Wattozz” ABŞ bənzəri ilə müqayisədə mühüm üstünlüklərə malikdir. Müasir naqilsiz texnilogiya ilə hazırlanan “Wattozz” istənilən nöqtəyə atəş açmaq imkanına sahibdir. Radio tezliyi ilə şok müddəti nizamlanır, şoklama dəyərləri risksiz səviyyədə saxlanılır.

Doldurulan batareyaya sahib olması, o cümlədən qaz və ya barıta ehtiyac duyulmaması və sursatın radio dalğalarla uzaqdan idarə edilə bilməsi “Wattozz”a əlavə imkanlar qazandırır.

A.Albayrak milli “Wattozz” elektroşok silahın dünya markası olma istiqamətində sürətlə irəlilədiyini vurğulayıb.