28/01/2019 17:54

“Albayraklar” yeni elektroşok silahın Malayziyada beynəlxalq təqdimatını keçirib

Türkiyənin “Albayraklar” şirkəti “Wattozz” adı verilən yeni elektroşok silahın Malayziyada yerli tərəfdaş ilə birgə ilk beynəlxalq təqdimatını keçirib.

Bu barədə “AzeriDefence”yə “Albayraklar” şirkətindən məlumat verilib.

ABŞ-da “Taser” adıyla istehsal olunan elektroşok silahın bənzəri olan “Wattozz” iştirakçılar və ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.

Milli imkanlar hesabına hazırlanan “Wattozz” ABŞ bənzəri ilə müqayisədə mühüm üstünlüklərə malikdir. Müasir naqilsiz texnilogiya ilə hazırlanan “Wattozz” istənilən nöqtəyə atəş açmaq imkanına sahibdir. Radio tezliyi ilə şok müddəti nizamlanır, şoklama dəyərləri risksiz səviyyədə saxlanılır.

Şirkət mütəxəssislərinin sözlərinə görə, doldurulan batareyaya sahib olması, o cümlədən qaz və ya barıta ehtiyac duyulmaması və sursatın radio dalğalarla uzaqdan idarə edilə bilməsi “Wattozz”a əlavə imkanlar qazandırır.

Şirkət Türkiyəni ildə 250 milyon ABŞ dolları dəyərində “Wattozz” elektroşok silahla təmin etməyi planlaşdırır. Bununla belə, “Albayraklar” 2018-ci il dekabrın 19-da 5 milyon ABŞ dolları dəyərində “Wattozz” silahın Malayziyaya ixracına dair müqavilə bağlayıb.

Qeyd edək ki, “Albayraklar” yeni “Wattozz” elektroşok silahın yaxın zamanlarda Azərbaycanda təqdimatını keçirməyi planlaşdırır.