10/01/2014 16:26

Ali Baş Komandan: Ordumuzun döyüş qabiliyyəti 2014-cü ildə böyük dərəcədə artacaq

Prezident Ermənistana xəbərdarlıq etdi “Azərbaycan heç vaxt öz tarixi torpağında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Məsələ Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir və həll ediləcək. Mən buna şübhə etmirəm və buna nail olmaq üçün biz hələ ki, danışıqları davam etdirəcəyik, ancaq öz gücümüzü də artıracağıq”. “AzeriDefence”nin məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışında bəyan edib.
Hərbi gücün artığını deyən prezident İlham Əliyev 2013-cü ildə ordu quruculuğu ilə bağlı önəmli addımlar atıldığını qeyd edib: “Biz çox ciddi islahatlara başladıq. Bu islahatlar öz nəticəsini verməkdədir. Bizim döyüş qabiliyyətimiz artır, 2014-cü ildə böyük dərəcədə artacaq. Qeyd etməliyəm ki, bizim hərbi potensialımız, orduda aparılan islahatlar, yeni prinsiplər, döyüş taktikası ilə bağlı yeni yanaşmalar tamamilə yeni bir situasiyanın yaranmasına gətirib çıxarır. Nəzərə alsaq ki, son illərdə Azərbaycan böyük həcmdə silah-sursat, texnika almışdır, – ən müasir texnikadır, – bizim döyüş qabiliyyətimiz böyük dərəcədə artacaq, artır və bu, danışıqlar prosesinə ancaq müsbət təsir göstərəcək”.
Dövlət başçısı bəzi hallarda bu məsələ ilə əlaqəsi olmayan qurumların tənqidinə də toxunub: “Ermənistanın dəyirmanına su tökən siyasətçilər bizi tənqid etməyə çalışırlar ki, nə üçün Azərbaycan hərbi büdcəsini artırır. O ölkələrin nümayəndələri bunu deyir ki, onların hərbi büdcəsi göylərə qalxıb. Bizim təbii hüququmuzdur, biz öz hərbi potensialımızı artırırıq, artıracağıq. Dağlıq Qarabağ məsələsinin ədalətli, beynəlxalq normalara uyğun şəkildə həll edilməsi üçün bizim hərbi gücümüz həlledici rol oynayacaq. Biz bu gün güclü ordu yaradırıq. Bizim ordumuz dünyanın ən güclü orduları sırasındadır. Əlbəttə ki, ordu quruculuğu işi davam etdiriləcək”.

Ölkə başçısı çıxışında həmçinin erməni işğalından əziyyət çəkən soydaşlarımızın problemlərinə toxunub: “Erməni işğalından əziyyət çəkən soydaşlarımızın problemləri də keçən il həll olunub, 20 min köçkün yeni evlərə, mənzillərə köçürülüb. Bu il də ən azı 20 min köçkünün yeni evlərə köçürülməsi nəzərdə tutulur. Faktiki olaraq, biz il ərzində bir şəhər yaradırıq və bu siyasəti davam etdirəcəyik. Çünki hələ ki, məktəblərdə, uşaq bağçalarında, hərbi hissələrin ərazilərində, yataqxanalarda ağır vəziyyətdə yaşayan köçkünlər kifayət qədərdir. Artıq bu proses də başlayıb və davam etdiriləcək”.