11/04/2019 17:59

Ali Baş Komandanın bayrağı təsdiq olunub

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağı haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağının təsviri”nin təsdiq edilməsi barədə fərman imzalayıb.

Bu barədə “AzeriDefence”yə Prezidentin mətbuat xidmətindən məlumat verilib. Fərmana əsasən “Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağı haqqında Əsasnamə” və “Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağının təsviri” təsdiq edilib (əlavə olunub).

Silahlı Qüvvələrin Ali Baş Komandanının bayrağı haqqında əsasnamə fərman ilə təsdiq edilib. Ali Baş Komandanın bayrağı Prezidentin rəsmi hərbi simvoludur. Ali Baş Komandanın bayrağı 3 növdə hazırlanır: etalon (bayrağın orijinalı) –Prezidentin Prezident Sarayında yerləşən xidməti otağında saxlanılır; dublikat (bayrağın surəti) –Prezidentin Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi iştirak etdiyi rəsmi tədbirlərin və digər mərasimlərin keçirilməsi zamanı və o, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin struktur qurumlarına gəldikdə həmin tədbirin keçirildiyi binanın üzərində, olduğu gəmidə və ya həmin tədbir üçün nəzərdə tutulan salonda (otaqda) qaldırılır (asılır) və ya yerləşdirilir; kiçildilmiş ölçülü dublikat (nəqliyyat üçün) – Prezidentin Silahlı Qüvvələrinin Ali Baş Komandanı kimi səfərləri zamanı nəqliyyat vasitəsində quraşdırıla bilər.

Ölçülərindən asılı olmayaraq, bayrağın bütün dublikatları onun etalonunun (orijinalının) təsviri, rəng çalarları və ölçüləri nisbəti ilə eyni olmalıdır. Dövlət Bayrağı ilə birgə qaldırılırsa (asılırsa) və ya yerləşdirilirsə, qarşıdan baxıldıqda Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağı Dövlət Bayrağından sağda yerləşdirilir.

Ali Baş Komandanın bayrağının təsviri fərmanla təsdiq edilib. Ali Baş Komandanının bayrağı “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq, Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinə tam uyğun şəkildə, ikiüzlü qumaşdan hazırlanır və eninin uzunluğuna nisbəti 1:2-dir. Bayrağın hər iki üzünün ortasında Ali Baş Komandanı emblemi təsvir edilib. Qumaşın üst kənarı boyu mavi zolaqda qızılı rəngli həriflərlə “AZƏRBAYCAN RESPUBLİKASI”, aşağı kənarı boyu yaşıl zolaqda isə “SİLAHLI QÜVVƏLƏRİNİN ALİ BAŞ KOMANDANI” sözləri yazılıb.

Ali Baş Komandanın emblemi tiyələri yuxarı yönəlmiş çarpazlaşdırılmış qılıncların iti ucları arasında yerləşən Azərbaycan Dövlət Gerbinin təsvirindən ibarətdir. Qılıncların tiyələrinin aşağı əsaslarından uclarına doğru hər iki tərəfə dəfnə budaqları yönəlib. Dəfnə budaqları və qılıncların dəstəkləri qızılı, tiyələri isə gümüşü rəngdədir. Ali Baş Komandanının bayrağının dirəyi girdə taxtadandır. Dirək tünd qəhvəyi boya ilə rənglənir, laklanır və yuxarı ucu aypara ilə səkkizguşəli ulduz formalı nikellənmiş metal başlıqla örtülür.