24/01/2018 14:53

Alman şirkəti tanklar üçün yeni nəsil aktiv müdafiə sisteminin sınaqlarını yekunlaşdırıb

Almaniyanın “Rheinmetall” şirkəti ADS Gen-3 adı verilmiş tank və zirehli texnika üçün yeni nəsil aktiv müdafiə sisteminin sınaqlarını keçirib.

Bu barədə “AzeriDefence” “Rheinmetall Defence” şirkətinə istinadən məlumat verib.

Şirkətin məlumatında qeyd olunub ki, sınaqlar müvəffəqiyyətlə keçib. Sistemin analoqlarından fərqi tətbiq edildiyi maşının yaxınlığında olan zirehli texnika və canlı qüvvəyə yanlış atəş açma ehtimalının sıfır olmasıdır. Sistem raket maşına daha yaxın məsafədə olduğu zaman işə düşür.

Alman Silahlı Qüvvələrinin silah təhlükəsizliyi metodologiyasına uyğun keçirilən testlərdən sonra audit şirkəti tərəfindən ADS Gen-3 sisteminə IEC 61508 SIL 3 sertifikatı verilib.

ADS Gen-3 sisteminin İsrail istehsalı olan “Trophy” sistemini də bəzi parametrlər baxımından üstələdiyi bildirilir.