17/11/2017 15:39

Almaniyanın “Leopard-2” tankları döyüşə yaramır

Almaniyanın “Leopard-2” əsas döyüş tanklarının yarıdan çoxu xidmətə yaramır.

“AzeriDefence” xəbər verir ki, “Focus” jurnalında dərc olunan Almaniya Müdafiə Nazirliyinin hesabatına görə, Silahlı Qüvvələrin texnika parkında yer alan 244 ədəd “Leopard-2” tankının yalnız 95 ədədi istifadəyə yararlıdır.

Müdafiə Nazirliyinin hesabatında 53 tankın söküldüyü, 7 tankın test üçün istifadə edildiyi, 89 tankın isə şərti olaraq istismar olunduğu bildirilib. “Leopard-2” tanklarının zəruri ehtiyat hissələrinin olmaması da ciddi narahatçılıq yaradır.

Qeyd edək ki, “Leopard-2” Qərbi Alman Ordusu üçün 1970-ci illərdə “Krauss-Maffei” şirkəti tərəfindən istehsal olunub. 1979-cu ildə Alman Ordusunun əsas döyüş tankı kimi silahlanmasına qəbul edilən “Leopard-2” “Leopard-1” tankını əvəz edib.

Almaniya 2002-2003-cü illərdə 128 ədəd “Leopard” tankını qarşılıqsız olaraq Polşaya verib. Almaniyanın “Rheinmetall” şirkəti bu tankları “Leopard-2 PL” adı altında modernləşdirib.

“Leopard-2 PL” tankının üzərində asma kompozit zireh qurulub ki, buda bir çox mərmilərdən tankı qoruya bilir. Tankda döyüş modulunun ballistik müdafiəsi gücləndirilib, o cümlədən maşına ekipajın görmə imkanlarının genişləndirilməsi üçün yeni müşahidə sistemi inteqrasiya edilib. “Leopard-2 PL” yeni L44 topu ilə təchiz olunub. Bu top daha dağıdıcı və güclü mərmilərdən istifadə üçün yeni imkanlar yaradır.

Tankda yeni yanğınsöndürmə sistemi, qidalanma bloku formalaşdırılıb. Bundan başqa tankın mina əleyhinə müdafiəsi gücləndirilib. Bütün bu modernləşmə işlərindən sonra tankın çəkisi 56 tondan 60-a qədər qalxıb.

Hazırda “Leopard” tanklarının Almaniya Silahlı Qüvvələri ilə yanaşı digər 12 Avropa ölkəsində, eləcə də Kanada (Leopard-2A4M CAN), Çili, İndoneziya, Sinqapur və Türkiyə kimi bir sıra qeyri-Avropa ölkələrində müxtəlif versiyaları var.