07/03/2014 07:12

Almanların yeni avtomatik qumbaraatanları – FOTO

Almaniyanın “Rheinmetall” şirkəti 40 mm çaplı “Cerberus” və “Hydra” adlı iki yeni qumbaraatan hazırlayıb. “AzeriDefence”nin xəbərinə görə, bu barədə “Janes” nəşri məlumat yayıb.Tək tək doldurulmaqla atəş açan “Cerberus”da tətbiq olunan yeniliklər mövcud sistemlərlə müqayisədə geri təpməni 20% aşağı salır. “Cerberus” ayrı silah kimi tətbiq edilə və zəruri olduqda müxtəlif silahlara qoşula və nişangah sistemləri əlavə edilə bilər.

Boş halda “Cerberus”un çəkisi 2,8 kq, lüləaltı variantınınkı isə 2 kq təşkil edir. “Cerberus” aşağı sürətli 40×46 mm çaplı qumbaralardan atəş açır.

“Rheinmetall Multi-Ray atəş idarəetmə bloku ilə təchiz edildikdə qumbaraatandan havada proqram əsasında partlayan 40 mm çaplı döyüş sursatlarından da atəş aça bilər.

Hazırda ilkin hazırlanma mərhələsində olan “Hydra” avtomatik dolan ilk 40 mm çaplı qumbaraatan olacaq. “Hydra” aşağı sürətli 40 mm çaplı qumbaralarla 400, orta sürətli 40 mm çaplı qumbaralarla 800 metrə qədər atəş açmağa imkan verir. Döyüş sursatı olmadan boş qumbaraatan 4 kq çəkiyə malikdir. Silah 3, 6 və ya 10 ədəd 40 mm çaplı qumbara tutan vertikal qutu formalı sandıqla təchiz edilə bilər.