14/05/2017 12:31

“Alp Teknik” “Sikorsky”in Azərbaycan və Mərkəzi Asiya üzrə təmsilçisi oldu

Türkiyənin “Alp Teknik Havacılık” şirkəti Amerikanın “Lockheed Martin” korporasiyasına daxil olan “Sikorsky” şirkətinin Türkiyə, Azərbaycan, Qazaxıstan və Türkmənistan üzrə satış təmsilçiliyini alıb.

“AzeriDefence”nin məlumatına görə, bu barədə şirkətlər arasında müqaviləni may ayının 9-da, İstanbulda keçirilən İDEF-2017 sərgisi çərçivəsində “Alp Teknik Havacılık” şirkətinin baş direktoru Şenay İdil və “Sikorsky” şirkətinin Avropa, Yaxın Şərq və Afrika regionu üzrə nümayəndəsi Erik Şrayber (Eric Schreiber) imzalayıb.

Müqavilə ilə “Alp Teknik Havacılık” şirkətinə “Sikorsky” şirkətinin S-76, S-92, S-61 və M28 mülki helikopterləri üçün Türkiyə, Azərbaycan, Qazaxıstan və Türkmənistan üzrə satış təmsilçiliyi verilib.

Qeyd edək ki, hazırda Türkiyə, Azərbaycan və Türkmənistanda 20-si S-92 və S-76 olmaqla, VİP, dövlət rəhbərləri, hava daşıması və dənizdəki neft yataqlarına işçilərin daşınması kimi əməliyyatlarda ümumilikdə 150-dən çox “Sikorsky” helikopteri istifadə edilir.