30/01/2017 17:17

AMEA İnstitutu MSN-ə xüsusi təyinatlı sürtkü materialları ilə bağlı birgə fəaliyyət proqramı təklif edib

Azərbaycan Milli Elmlər Akademiyasınln (AMEA) Aşqarlar Kimyası İnstitutu Müdafiə Sənayesi Nazirliyinə xüsusi təyinatlı sürtkü materialları ilə bağlı birgə fəaliyyət proqramı təklif edib.

Bu barədə “AzeriDefence” AMEA-nın saytına istinadən məlumat verib.

Xəbərdə qeyd olunub ki, AMEA-nın akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda müasir standartlara cavab verən müxtəlif təyinatlı motor, transmissiya, hidravlik və digər sürtkü yağlarının hazırlanması və istehsalının təşkili istiqamətində intensiv elmi-tədqiqat işləri aparılır.

Yaradılmış sürtkü materiallarının istehsalı müasir standartlara uyğun texnoloji qurğulara malik AMEA-nın Təcrübə-Sənaye Zavodunda həyata keçirilir. Hazırda Zavodda istehsal olunan sürtkü materialları respublikanın bir sıra təşkilatları tərəfindən istifadə edilir. Ötən il 16 adda sürtkü materialının texniki şərtləri işlənilib və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində qeydiyyatdan keçirilib.

Aşqarlar Kimyası İnstitutu tərəfindən xüsusi təyinatlı sürtkü materiallarının yaradılması və istehsalının təşkili ilə bağlı Müdafiə Sənayesi Nazirliyinə birgə fəaliyyət proqramı təklif olunub.

Qeyd edək ki, sürtkü materialları strateji materiallar sırasına daxildir və bu materialların, ilk növbədə, xüsusi təyinatlı sürtkü materiallarının respublikada istehsalının təşkili zəruri hesab olunur.