31/01/2019 19:51

AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzi dövlət müəssisələrindən sifarişlər alıb

AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzinin (SETM) elmi-texniki Şurasının ilk iclası keçirilib. İclası açan AMEA-nın vitse-prezidenti, şuranın sədri, akademik İbrahim Quliyev yeni şuranın əsas vəzifələri və fəaliyyətinin təşkili qaydalarından danışıb. O, müəyyən elmi-tədqiqat işlərinin aparılması məqsədilə akademiyanın müvafiq institutlarının koordinasiyalı fəaliyyətinin vacibliyini bildirib.

“AzeriDefence” AZƏRTAC-a istinadən məlumat verir ki, iclasda SETM-in rəhbəri, şuranın sədr müavini, siyasi elmlər doktoru Fətəli Abdullayev mərkəzin ötən müddət ərzində əməkdaşlıq əlaqələrindən bəhs edib. O, mərkəzdə fəaliyyət göstərən üç laboratoriyada mühüm nəticələrin əldə edildiyini, dövlət müəssisələrindən sifarişlər alındığını bildirib. Mərkəz rəhbəri elmi nəticələrin tətbiqi sahələrində AMEA-nın magistrlərinin də işə cəlb edildiyini deyib.

AMEA-nın Rəyasət Heyəti aparatının elm və təhsil baş idarəsinin rəisi, şuranın sədr müavini, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov akademiyada intellektual silahların, yerüstü idarəetmə sistemlərinin, mühəndis-texniki sistemlərin, hərbi təyinatlı cihazların hazırlanmasında SETM-in mütəxəssislərinin birbaşa iştirak etdiyini söyləyib. Ə.Sadıqov mərkəzdə çevik idarəetmənin həyata keçirilməsi məqsədilə məhz mütəxəssislərin cəlb edilməsinin zəruriliyini vurğulayıb.

SETM-in laboratoriyalarının rəhbərləri, şuranın üzvləri, fizika üzrə fəlsəfə doktorları Samir Süleymanov, Fərid Əhmədov və Yaşar Hüseynəliyev ötən müddət ərzində əldə etdikləri elmi nəticələrlə bağlı məlumat veriblər. Alimlər bir sıra məhsul və materialların hazırlanması istiqamətində elmi-tədqiqat işləri, onların istehsal imkanları və tətbiq sahələri haqqında danışıblar.

Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin elm şöbəsinin rəisi, şuranın üzvü, professor, polkovnik Əziz Talıbov isə Müdafiə Nazirliyi ilə AMEA arasında elmi-texniki əməkdaşlığın uğurla davam etdiyini deyərək, ordu quruculuğu istiqamətində elmi potensialın zəruriliyini vurğulayıb. Müdafiə sənayesində tətbiq ediləcək cihazların hazırlanmasında hərbçilərin də yaxından iştirak etdiyini deyib. Ə.Talıbov aparılan hərbi əhəmiyyətli elmi-tədqiqat işlərinə həsr olunan jurnalın təsis olunmasına dair təklif irəli sürüb.

İclasda, həmçinin şuranın üzvləri, Biofizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov, İdarəetmə Sistemləri İnstitutunun laboratoriya rəhbəri, AMEA-nın müxbir üzvü Ağası Məlikov, həmin institutun aparıcı elmi işçisi, riyaziyyat üzrə fəlsəfə doktoru Elxan Səbziyev, akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun laboratoriya rəhbəri, kimya elmləri doktoru Nizami Zeynalov və Radiasiya Problemləri İnstitutunun laboratoriya rəhbəri, fizika elmləri doktoru Rəhim Mədətov çıxış ediblər. Çıxışlarda SETM-in strateji laboratoriyalarından başqa müvəqqəti laboratoriyalarının yaradılması, müvafiq institutlarda bir sıra tibbi dərman preparatlarının hazırlanması imkanları, hazır elmi-tədqiqat işlərinin hərbi əhəmiyyətliliyinin müəyyənləşdirilməsi, mövcud cihaz və avadanlıqların müasir parametrlərə uyğunlaşdırılması, yeni standartlara və texniki tələbata uyğun texnologiyaların hazırlanması məqsədilə AMEA-nın alimləri arasında müsabiqələrin təşkili və s. məsələlərə dair təkliflər səsləndirilib. İclasda irəli sürülən təkliflər ətrafında fikir mübadiləsi aparılıb, tövsiyələr verilib.