02/10/2018 16:31

AMEA YT Park ilə ANAMA arasında niyyət sazişi imzalanıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkı (YT Park) ilə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) arasında əməkdaşlıq məqsədilə niyyət sazişinin imzalama mərasimi olub.

ANAMA-nın mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, tərəflər arasında “Pilotsuz uçuş aparatları, dronlar, zirehli jiletlərin alt və üst geyim formaları, minaların zərərsizləşdirilməsi üçün xüsusi geyim və kostyumlar, müxtəlif növ hərbi sursatlar üçün fərdi modullar, çantalar və digər hərbi – mülki təyinatlı innovativ məhsulların istehsalı və satınalınması haqqında” niyyət sazişi imzalanıb.

AMEA-nın Rəyasət Heyətində keçirilən tədbirdə ANAMA direktoru Qəzənfər Əhmədovun başçılıq etdiyi nümayəndə heyəti, AMEA-nın vitse-prezidenti akademik İbrahim Quliyev, AMEA-nın Yüksək Texnologiyalar Parkının direktoru Nazim Şükürov, Strateji Elmi Tədqiqatlar Mərkəzinin rəhbəri Fətəli Abdullayev, eləcə də AMEA-nın bir sıra müxbir üzvləri iştirak ediblər.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev ANAMA ilə əməkdaşlığın əhəmiyyətindən danışıb. Akademik bildirib ki, bu əməkdaşlıq pilotsuz uçuş aparatları, dronlar, zirehli jiletlərin alt və üst geyim formaları, minaların zərərsizləşdirilməsi üçün xüsusi geyim və kostyumlar, müxtəlif növ hərbi sursatlar üçün fərdi modullar, çantalar və digər hərbi-mülki təyinatlı innovativ məhsulların istehsalı və satınalınmasına xidmət edəcək.

Sonra ANAMA-nın direktoru Qəzənfər Əhmədov çıxış edib. Prezident İlham Əliyevin dövlət qurumlarının xaricdən satın aldığı xüsusi avadanlıq və vasitələri minimuma endirməklə daxili istehsalın inkişafı istiqamətinə müvafiq təşkilatlara bir sıra tapşırıqlar verdiyini xatırladan ANAMA-nın direktoru bildirib ki, bu qərar sosial-iqtisadi baxımdan Azərbaycanın spesifik sahələr üzrə elmi və sənaye potensialının inkişafına dəstək verəcək və eyni zamanda valyutanın xaricə axını əvəzinə Azərbaycanın sahələr üzrə inkişafına tövhə verəcək.

“Prezident İlham Əliyevin digər sahələrə olduğu kimi ölkəmizin təhlükəsizlik sektoruna da diqqəti sayəsində Agentliyimiz xaricdə humanitar əməliyyatlar aparma səviyyəsinə çatmışdır və artıq xarici ölkələrdə müvəffəqiyyətli təlim kursları keçmişdir. Belə ki, Qərara müvafiq olaraq Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkının mütəxəssisləri ilə bir sıra görüşlər keçirmiş və yeni texnologiyaların yaradılması və inkişafı üzrə danışıqlara başlamışdır. Artıq bir sıra sıfarişlər üzrə müzakirələr və texniki görüşlər keçirilməkdədir”, – deyə Q.Əhmədov vurğulayıb.

Q.Əhmədov bildirirb ki, ANAMA 20 ildir ki, fəaliyyət göstərir və Agentliyin mütəxəssisləri tərəfindən indəyədək 53 005.42 ha ərazi təmizlənib və 798 295 ədəd mina və partlamamış hərbi sursatlar aşkar edərək zərərsizləşdirilib: “Agentlik fəaliyyətə başladığı dövrdən indiyədək təkmilləşməni mümkün edən bütün zəruri infrasruktura malik regional bazalardan, təlim mərkəzindən və xüsusi çevik mobil əməliyyat qruplarından ibarət güclü və dayanıqlı minatəmizləmə potensialı yaratmağa müvəffəq olub. Bu da öz növbəsində qısa müddət ərzində bir çox xüsusi dövlət əhəmiyyətli tapşırıqların (Samux rayonu, “Şirvan Araz zavodu”, Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndi, Xızı rayonu hərbi hissə ərazisinin təmizlənməsi və s. əməliyyatlar) vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə imkan verib. Hazırda Agentlik, minatəmizləmə sahəsində beynəlxalq mütəxəssislərin rəyinə və aparıcı ekspertlərin dəyərləndirməsinə görə bütün zəruri texnika və maliyyə infrastrukturuna malik, beynəlxalq standartlara uyğun olan bir neçə Agentliklərdən biridir. Agentliyin iş tempinin dayanıqlı olmasına və mina təhlükəsi ilə mübarizə proqramının gələcək inkişafı və səmərəli işləməli üçün şəraitə, mina aksiyası üzrə bütün xərclərin çox hissəsinin dövlət büdcəsi hesabına ödənilməsi təsir edib”.

Q.Əhmədov bildirib ki, Agentlik öz fəaliyyət sahələri üzrə Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkı ilə Niyyət Sazişinin imzalanmasına və əməkdaşlığa böyük önəm verir: “Bu cür səmərəli və davamlı əməkdaşlığın nəticəsində minatəmizləmə fəaliyyətinə yeni texnologiyaların tətbiq edilməsi və onlardan əməliyyatlar zamanı istifadə, iş həcminin və miqyasının genişləndirilməsinə və Agentliyin mütəxəssislərinə daha təhlükəsiz şəraitdə bu şərəfli və təhlükəli işlə məşğul olmağa imkan yaradacaqdır”.

Tədbirdə AMEA Strateji Elmi Tədqiqatlar Mərkəzinin rəhbəri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev niyyət sazişi nəticəsində böyük uğurlar əldə ediləcəyini diqqətə çatdırıb. Qeyd edib ki, sazişin əsas mahiyyəti aidiyyəti məsələlər üzrə fəaliyyətlərin planlaşdırılması və innovativ layihələrin birgə icrasıdır. F.Abdullayev bundan əvvəl də ANAMA ilə görüşlərin olduğunu xatırladıb. Mərkəz rəhbəri təklif olunan istiqamətlərdə hazırda həyata keçirilən müştərək layihələr haqqında da məlumat verib.

“YT Park”ın direktoru, iqtisad elmləri üzrə fəlsəfə doktoru Nazim Şükürov isə niyyət sazişinin tərəflər arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə xidmət edəcəyini deyib.

Daha sonra AMEA İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev, Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə, AMEA Rəyasət Heyəti aparatının elm və təhsil idarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, ANAMA-nın planlaşdırma və inkişaf departamentinin rəisi Pərviz Gidayev və başqaları çıxış ediblər.

Tədbirdə Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) təşkil etdiyi yarışmada iştirakına görə AMEA-nın müxbir üzvü Əminağa Sadıqova və “Elm və Texnologiya Parkı” MMC-nin bir qrup əməkdaşına mükafat və sertifikatlar təqdim olunub.

Sonda “YT Park” ilə ANAMA arasında birgə fəaliyyətə dair niyyət sazişi imzalanıb. Sənəddə innovasiyaların tətbiqi sahəsində, aktual elmi istiqamətlərin müəyyənləşdirilməsi və strateji planlaşdırılmasında müvafiq əməkdaşlıq və qarşılıqlı dəstəyin verilməsi, milli müdafiə maraqları istiqamətində birgə layihələrin həyata keçirilməsi, xarici ölkələrin aidiyyəti elmi-tədqiqat institutları və elm texnologiya mərkəzləri ilə faydalı əlaqələrin yaradılması, xüsusi təlimlərin təşkili və s. məsələlər öz əksini tapır.

Sazişi “YT Park”ın direktoru doktoru Nazim Şükürov və ANAMA-nın direktoru Qəzənfər Əhmədov imzalayıblar.