23/08/2012 08:04

Amerika laboratoriyası minaları götürmək üçün əl hazırlayıb

Sandia Milli Laboratoriyası (Sandia National Laboratories) elastik və insan əlinin dəqiqliyinə malik olan “Sandia Hand” adlı avtomatlaşdırılmış manipulyator hazırlayıb. Bu barədə “AzeriDefence” Sandia Milli Laboratoriyasının saytına istinadən məlumat verib.

İxtira istehkamçılara partlayıcı qurğuları zərərsizləşdirməyə kömək edəcək. Mexaniki əl modulyar texnologiya əsasında yaradılıb. Buna əlavə barmaqlar və alətlər, fənər, maqnit, vintburan və ya kamera kimi əşyaları asanlıqla birləşdirmək mümkündür.

Qurğu əşyaları daha etibarlı saxlamaq üçün həlməşik materialla örtülüb. “Sandia Hand” idarə etməsi operator tərəfindən xüsusi əlcəyin köməyi ilə həyata keçirilir.

Mütəxəssislərin sözlərinə görə qiyməti ucuz, amma yüksək dəqiqlikli manipulyatorların tətbiqi partlayıcı qurğuların, minaların təmizlənməsi kimi yüksək dəqiqlikli işləri daha tez həyata keçirməyə imkan verəcək.

Laboratoriya gələcəkdə kütləvi istehsaldan asılı olaraq Sandia Hand aparatının qiymətinin 10 min ABŞ dolları civarında olacağını düşünür.