16/07/2018 14:18

ANAMA 20 il ərzində 796 923 ədəd mina və PHS zərərsizləşdirib

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən fəaliyyət göstərdiyi 20 il ərzində 529 091 352 kv.m (52 909.13 ha) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Bu barədə “AzeriDefence”yə ANAMA-nın mətbuat xidmətindən məlumat verilib.

Əməliyyatlar zamanı 796 923 ədəd mina və partlamamış hərbi sursat aşkar edərək zərərsizləşdirilib.

Qeyd edək ki, 1998-ci il 18 iyul tarixində Prezidentin Sərəncamı ilə ANAMA-nın yaradılması Azərbaycanda mina və partlamamış hərbi sursat (PHS) probleminin həlli istiqamətində atılan ilk addım olub. Hazırda ANAMA-nın milli potensialı humanitar minatəmizləmə üçün bütün əsas resurs və vasitələrə: minaaxtaranlara, minaaxtaran itlərə, mexaniki minatəmizləmə maşınlarına, regional bazalara, təlim mərkəzlərinə, təlim, tədqiqat və keyfiyyətin təminatı qurumuna, xüsusi əməliyyat və çevik əməliyyat qruplarına malikdir. ANAMA-nın Mina Təhlükəsinə dair Maarifləndirmə (MTM) və Minadan Zərərçəkənlərə Yardım sahələrində də kifayət qədər təcrübəsi var və hər iki sahə üzrə layihələr bu gün də uğurla həyata keçirilir.