19/04/2018 18:10

ANAMA Ağstafa su anbarının ətrafından 4 ədəd, Astarada 15 ədəd partlayıcı sursat aşkarlayıb

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən partlamamış hərbi sursatların zərərsizləşdirilməsi tədbirləri davam etdirilir.

ANAMA-dan “AzeriDefence”yə verilən məlumata görə, aprelin 19-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Astara rayonu, Həzi Aslanov küçəsində 9 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

Məlumata gecə saatlarında daxil olduğunu nəzərə alaraq Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu səhər saatlarında həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə qazıntı aparılan hissəyə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 15 ədəd partlamamış hərbi sursat – 10 ədəd 82 mm-lik geritəpməsiz top mərmisi (BK-881), 2 ədəd 107 mm-lik geritəpməsiz top mərmisi (BK-883), 2 ədəd 73 mm-lik geritəpməsiz top mərmisi (BK) və 1 ədəd 82 mm-lik top mərmisi (O-832) aşkar olunub və zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş mərmilərin ətrafında 800 kv.m əraziyə yerüstü və 30 kv.m əraziyə yeraltı baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

Bundan başqa, aprelin 19-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Qazax rayonu, Xanlıqlar kəndi ərazisində mərminin tapılması barədə məlumatlar daxil olub.

Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə Ağstafa su anbarının ətrafına baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 4 ədəd partlamamış hərbi sursat – 1 ədəd 85 mm-lik top mərmisi (OF-365A), 1 ədəd 100 mm-lik top mərmisi (OF-412), 1 ədəd F-1 əl qumbarası və  1 ədəd PQ-15 raketinin gilizi (NBL-60) aşkar olunub və zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Aşkar olunmuş mərmilərin ətrafında 500 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.