02/05/2018 15:36

ANAMA: Aprel ayında 2603 ədəd partlayıcı sursat zərərsizləşdirilib

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən aprel ayı ərzində 5,938,510 kvadrat metr ərazi yoxlanılaraq, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.

Bu barədə “AzeriDefence”yə ANAMA-nın mətbuat xidmətindən məlumat verilib.

Əməliyyatlar zamanı 2,596 ədəd partlamamış hərbi sursat (PHS), 3 ədəd tank əleyhinə mina (TƏM) və 4 ədəd piyada əleyhinə mina (PƏM) (CƏMİ: 2,603 ədəd) və 73 kq partlayıcı maddə (ammonit № 6 JV-200) aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 487 nəfər əməliyyat heyəti, 136 nəfər inzibati heyət (CƏMİ: 623 nəfər), 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edib.

ANAMA tərəfindən indiyədək cəmi 523,990,199 m2 (52,399.02 ha) ərazi təmizlənmiş və 796,754 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.

Aprel ayı ərzində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng Mərkəzindən – 20 və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən – 25 müraciət daxil olub. Müraciətlər əsasında 43,250 m2 ərazi təmizlənib, 1,073 ədəd partlamamış hərbi sursat (PHS) və 1 ədəd tank əleyhinə mina (TƏM), 1 ədəd piyada əleyhinə mina (PƏM) (CƏMİ: 1,075 ədəd) və 73 kq partlayıcı maddə (ammonit № 6 JV-200) aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.

2018-ci ilin aprel ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb. Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağcabədi, Ağdam, Ağstafa, Astara, Cəbrayıl, Füzuli, Goranboy, Göygöl, Xızı, Qazax, Tərtər, Ucar rayonları və Bakı, Gəncə, Sumqayıt şəhərlərində davam etdirilir.