01/01/2019 18:33

ANAMA: Bu günə qədər 801 mindən çox mina və PHS zərərsizləşdirilib

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) 2018-ci ilin dekabr ayı ərzində ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları barədə məlumat yayıb.

ANAMA-nın mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, dekabr ayı ərzində Agentlik tərəfindən Ağcabədi, Ağdam, Beyləqan, Cəbrayıl, Füzuli, Xaçmaz, Qazax, Lənkəran, Şəmkir, Tərtər, Zaqatala rayonları və Bakı, Gəncə, Sumqayıt şəhərləri ərazisində 596,638 m² (59.66 ha) ərazi yoxlanılmış, 202 ədəd partlamamış hərbi sursat (PHS) və 2 ədəd piyada əleyhinə mina (cəmi 204 ədəd) aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 478 nəfər əməliyyat heyəti, 135 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 532,169,188 m² (53,216.92 ha) ərazi təmizlənib, 801,155 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.

Dekabr ayı ərzində Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng Mərkəzindən 11, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən 9, Dövlət Sərhəd Xidmətindən 3 və Zaqatala rayon Polis şöbəsindən 1 müraciət daxil olub. Müraciətlər əsasında 6,635 m² ərazi təmizlənib, 174 ədəd partlamamış hərbi sursat (PHS) aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.

2018-ci ilin dekabr ayının 26-da Gədəbəy rayon sakini Nemət İlyas oğlu Bayramov əl qumbarası ilə intihar edib.