11/10/2017 10:04

ANAMA: Bu günə qədər Xızıda partlayan anbardan ətrafa dağılan 11 522 partlamamış sursat götürülüb – FOTO

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Üzrə Milli Agentliyin (ANAMA) Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyi Daxili Qoşunları ilə birgə keçirdiyi təmizləmə əməliyyatları davam edir.

ANAMA-nın mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, oktyabrın 10-da yerli sakinlər tərəfindən daxil olmuş zənglərə əsasən Giləzi qəsəbəsi və Sitalçay kəndi ərazisində 2 ferma ərazisinə, həmçinin partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib.

Əməliyyat-axtarış zamanı 235 ədəd partlamamış hərbi sursat (PHS), 61 ədəd partlamış-yanmış mərmi qalıqları və 2 165 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 931 000 kv.m (93.10 ha) ərazi yoxlanılıb.

Ümumilikdə, 39 gün ərzində 12 ev, 46 evin həyətyanı sahəsinə, 13 ferma ərazisinə, 38 əkin sahəsinə, 12 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xətininə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 2 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərin Xızı rayonundan keçən hissəsinə, neft quyusunun ətrafına, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə baxış keçirilib.

Əməliyyat-axtarış zamanı 11 522 ədəd partlamamış hərbi sursat (PHS), 4 753 ədəd partlamış-yanmış sursat qalıqları və 27 197 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 43 904 828 kv.m (4 390 ha) ərazi yoxlanılıbdır.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıbdır.