03/11/2017 10:25

ANAMA: Bu günə qədər Xızıda partlayan anbardan ətrafa dağılan 14 000-dən artıq partlamamış sursat götürülüb

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Üzrə Milli Agentliyin (ANAMA) Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyi Daxili Qoşunları ilə birgə keçirdiyi təmizləmə əməliyyatları davam edir.

ANAMA-dan “AzeriDefence”yə verilən məlumata görə, noyabrın 2-də yerli sakin tərəfindən daxil olmuş zəngə əsasən Giləzi qəsəbəsi ərazisində 1 ferma ərazisinə, həmçinin partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 65 ədəd partlamamış hərbi sursat (PHS), 57 ədəd partlamış-yanmış mərmi qalıqları və  638 kq yandırma məhsulu aşkar edilərək götürülüb. Nəticə etibarilə 506 300 kv.m (50.63 ha) ərazi yoxlanılıb.

Ümumilikdə, 61 gün ərzində 12 ev, 46 evin həyətyanı sahəsinə, 15 ferma ərazisinə, 43 əkin sahəsinə, 12 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xətininə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 2 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərin Xızı rayonundan keçən hissəsinə, neft quyusunun ətrafına, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə, 6 saylı Yaşıllaşdırma idarəsinin ərazisinə baxış keçirilib.

Əməliyyat axtarış zamanı 14 265 ədəd partlamamış hərbi sursat (PHS), 6 267 ədəd partlamış-yanmış sursat qalıqları və 59 732 kq yandırma məhsulu aşkar edilərək götürülüb. Nəticə etibarilə 59 691 358 kv.m (5 969 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.