13/11/2017 11:16

ANAMA: Bu günə qədər Xızıda partlayan anbardan ətrafa dağılan 15 000-dən artıq partlamamış sursat götürülüb

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Üzrə Milli Agentliyin (ANAMA) Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyi Daxili Qoşunları ilə birgə keçirdiyi təmizləmə əməliyyatları davam edir.

ANAMA-dan “AzeriDefence”yə verilən məlumata görə, noyabrın 12-də partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 168 ədəd partlamamış hərbi sursat (PHS), 263 ədəd partlamış-yanmış mərmi qalıqları və 367 kq yandırma məhsulu aşkar edilərək götürülüb. Nəticə etibarilə 820 900 kv.m (82.09 ha) ərazi yoxlanılıb.

Ümumilikdə, 67 gün ərzində 12 ev, 46 evin həyətyanı sahəsinə, 15 ferma ərazisinə, 44 əkin sahəsinə, 12 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xətininə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 2 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərin və Bakı-Rostov dəmiryolunun Xızı rayonundan keçən hissəsinə, neft quyusunun ətrafına, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə, 6 saylı Yaşıllaşdırma idarəsinin ərazisinə baxış keçirilib.

Əməliyyat axtarış zamanı 15 109 ədəd partlamamış hərbi sursat, 7 483 ədəd partlamış-yanmış sursat qalıqları və 65 011 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 64 563 485 kv.m (6 456 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.