16/11/2017 10:03

ANAMA: Bu günə qədər Xızıda partlayan anbardan ətrafa dağılan 16 576 ədəd partlamamış sursat götürülüb

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Üzrə Milli Agentliyin (ANAMA) Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyi Daxili Qoşunları ilə birgə keçirdiyi təmizləmə əməliyyatları davam edir.

ANAMA-dan “AzeriDefence”yə verilən məlumata görə, noyabrın 15-dənpartlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 637 ədəd partlamamış hərbi sursat (PHS), 196 ədəd partlamış-yanmış mərmi qalıqları və 383 kq yandırma məhsulu aşkar edilərək götürülüb. Nəticə etibarilə 949 500 kv.m (94.95 ha) ərazi yoxlanılıb.

Ümumilikdə, 70 gün ərzində 12 ev, 46 evin həyətyanı sahəsinə, 15 ferma ərazisinə, 44 əkin sahəsinə, 12 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xətininə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 2 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərin və Bakı-Rostov dəmiryolunun Xızı rayonundan keçən hissəsinə, neft quyusunun ətrafına, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə, 6 saylı Yaşıllaşdırma idarəsinin ərazisinə baxış keçirilib.

Əməliyyat axtarış zamanı 16 576 ədəd partlamamış hərbi sursat, 8 028 ədəd partlamış-yanmış sursat qalıqları və 66 074 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 67 991 285 kv.m (6 799 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.