13/01/2018 21:56

ANAMA: Bu günə qədər Xızıda partlayan anbardan ətrafa dağılan 25 000-dən artıq partlamamış sursat götürülüb

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Üzrə Milli Agentliyin (ANAMA) Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyi Daxili Qoşunları ilə birgə keçirdiyi təmizləmə əməliyyatları davam edir.

ANAMA-dan “AzeriDefence”yə verilən məlumata görə, yanvarın 13-də partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 245 ədəd partlamamış hərbi sursat (PHS), 202 ədəd partlamış-yanmış mərmi qalıqları və 1 625 kq yandırma məhsulu aşkar edilərək götürülüb. Nəticə etibarilə 523 500 kv.m (52.35 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 113 gün ərzində 12 ev, 46 evin həyətyanı sahəsinə, 16 ferma ərazisinə, 45 əkin sahəsinə, 13 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xətininə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 2 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərin və Bakı-Rostov dəmiryol xəttinin Xızı rayonundan keçən hissəsinə, neft quyusunun ətrafına, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına, yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə, 6 saylı Yaşıllaşdırma idarəsinin ərazisinə baxış keçirilib.

Aparılan əməliyyat-axtarış zamanı 25 087 ədəd partlamamış hərbi sursat (PHS), 17 520 ədəd partlamış-yanmış sursat qalıqları və 98 963 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 79 509 669 kv.m (7 951 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 10 422 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.