22/09/2017 10:19

ANAMA: Bu günə qədər Xızıda partlayan anbardan ətrafa dağılan 8000-dən artıq partlamamış sursat götürülüb – FOTO

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Üzrə Milli Agentliyin (ANAMA) Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyi Daxili Qoşunları ilə birgə keçirdiyi təmizləmə əməliyyatları davam edir.

ANAMA-nın mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, sentyabrın 21 də yerli sakinlər tərəfindən daxil olmuş zənglərə əsasən Giləzi qəsəbəsi və Sitalçay kəndi ərazisində 1 əkin və 1 otlaq sahəsinə, kənd qəbirstanlığına və qəsəbə ərazisnə, həmçinin partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib.

Əməliyyat-axtarış zamanı 794 ədəd partlamamış hərbi sursat (PHS), 99 ədəd partlamış-yanmış mərmi qalıqları və 1 077 kq yandırma aşkar edilərək götürülüb, nəticə etibarilə 143 000 kv.m (14.30 ha) ərazi yoxlanılıb.

Ümumilikdə, 26 gün ərzində 12 ev, 46 evin həyətyanı sahəsinə, 9 ferma ərazisinə, 30 əkin sahəsinə, 11 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xətininə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 2 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərin Xızı rayonundan keçən hissəsinə, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə baxış keçirilib.

Əməliyyat-axtarış zamanı 8 064 ədəd partlamamış hərbi sursat (PHS), 3 858 ədəd partlamış-yanmış sursat qalıqları və 13 105 kq yandırma aşkar edilərək götürülüb, nəticə etibarilə 37 868 238 kv.m (3 786.82 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay və Şurabad kəndləri ərazisində 5 983 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.