26/01/2017 12:35

ANAMA Cocuq Mərcanlı kəndində minatəmizləmə əməliyyatlarına başlayıb

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ərazisində minatəmizləmə əməliyyatlarına başlayıb.

Bu barədə “AzəriDefence”yə ANAMA-nın baş əməliyyat mütəxəssisi Adil Aslanov məlumat verib.

A.Aslanovun sözlərinə görə, artıq Agentlik Cocuq Mərcanlı kəndi ərazisində tədqiqatlara başlayıb.

“Kəndin yenidən inşası ilə əlaqədar olaraq 300 hektar ərazidə əməliyyatlar aparılacaq. İlk mərhələdə prioritet olaraq evlərin və evlərin ətrafının, yolların və kommunikasiya xətlərinin keçəcəyi ərazilərin təmizlənməsinə diqqət yetiriləcək. Daha sonra ətraf ərazi təmizlənəcək”, – deyə ANAMA mütəxəssisi bildirib.

A.Aslanov qeyd edib ki, əməliyyatlar mexaniki minatəmizləmə maşınlarının, itlərin tətbiqi və əllə təmizləmə yolu ilə aparılacaq.

Qeyd edək ki, prezident İlham Əliyev yanvar ayının 24-də işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.