02/12/2017 23:36

ANAMA: Cocuq Mərcanlıda 486 346 kv.m ərazi tam təmizlənib – FOTO

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin ətrafında olan və suvarma kanalının çəkilməsi nəzərdə tutulan ərazilərdə mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatını davam etdirir.

ANAMA-dan “AzeriDefence”yə verilən məlumata görə, Agentliyin mütəxəssisləri tərəfindən Cocuq Mərcanlı kəndində gün ərzində 51 600 kv.m (5.16 ha) ərazi tam təmizlənib, 11 200 kv.m (1.12 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.

Əməliyyat axtarış zamanı mina və partlamamış hərbi sursat aşkar edilməyib. Əməliyyatlarda 55 nəfərlik şəxsi heyət iştirak edir.

Cəmi 16 gün ərzində 9 ədəd partlamamış hərbi sursat (PHS) (1 ədəd F-1 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 2 ədəd RQ-42 əl qumbarası, 2 ədəd TM-62 minasının gücləndiricisi və 3 ədəd tank əleyhinə idarə olunmayan raket (PQ-7)) və 1 ədəd piyada əleyhinə mina (OZM-72) aşkar edilib.

Nəticə etibarilə 486 346 kv.m (48.63 ha) ərazi tam təmizlənib, 156 900 kv.m (15.69 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.