26/09/2017 13:39

ANAMA direktoru Xızıda aparılan əməliyyatlardan danışdı

Xızı rayonunda Müdafiə Nazirliyinə məxsus hərbi hissənin sursat anbarında baş vermiş hadisə ilə bağlı yaşayış məntəqələri üçün heç bir təhlükə yoxdur.

“AzeriDefence”nin məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında ANAMA-nın direktoru Qəzənfər Əhmədov deyib.

Q.Əhmədovun sözlərinə görə, Xızıda baş vermiş partlayışla bağlı avqustun 27-də ANAMA , Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi ilə birgə əməliyyat qərargahı yaradılıb:

“Əməliyyat qərargahında Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və bizim xüsusi təyinatlılar orda çalışıblar və hazırda da çalışırlar. Həmin vaxt bizim üçün ən birinci prioritet məsələ, ərazidə (Xızıda) yaşayan əhalinin təhlükəsizliyi qoruyub, təmin etmək idi. Onların yaşadıqları evləri, əkin sahələrini, həyətyanı sahələrini təmizləyək, daha sonra ikinci dərəcəli isə dağlar da təmizlik işləri aparaq. Sonra isə geniş miqyaslı əkin sahələri, otlaq və.s yoxlayıb, təmizləmək. Xüsusilə qeyd edim ki, hazırda həmin ərazidə yaşayan əhali üçün heç bir təhlükə yoxdur”.

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan minatəmizləmə əməliyyatlarından danışan ANAMA rəhbəri bildirib ki, adıçəkilən kənddə hər yer təmizlənib:  “Prezident İlham Əliyevin sərəncamlarına uyğun olaraq, biz yanvar ayının əvvələrindən həmin ərazidə mina təmizləmə əməliyyatları aparmağa başladıq. Təmizlik işlərinə əvvəlcə 50 evin tikilməsi üçün nəzərdə tutulmuş ərazidən, daha sonra 100 evin, ondan sonra otlaq, əkin sahələri hər yeri minalardan təmizləmişik. Təmizlənməmiş sahə və yer qalmayıb. Orda təhlükəsizlik tədbirləri ilə əlaqədar bizim növbətçi qruplar var. Əgər düşmən tərəfində orda nəsə yenə atılsa, təxribat xarakterli bir iş görülsə, bu tipli nəsə olarsa, bizim təxirə salınmaz əməliyyat qruplarımız orda var. Dərhal reaksiya verilir və əməliyyat qrupu gedib, zəruri olan tədbirləri görür”.