18/07/2019 11:13

ANAMA fəaliyyət göstərdiyi 21 il ərzində 803907 ədəd mina və PHS tapıb

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) yaradılmasından 21 il ötür.

“AzeriDefence”nin məlumatına görə, 18 iyul 1998-ci ildə Agentliyin yaradılması Azərbaycanda mina və Partlamamış Hərbi Sursat (PHS) probleminin həlli istiqamətində atılan ilk addım olmuşdur.

ANAMA-nın bu münasibətlə yaydığı məlumatda qeyd olunub ki, Qarşıya qoyulmuş məqsədə nail olmaq üçün Agentlik ötən dövrdə beynəlxalq ekspertlərlə birlikdə sabit milli potensial yaratmağa müvəffəq olub.

“Hazırda ANAMA-nın milli potensialı humanitar minatəmizləmə üçün bütün əsas resurs və vasitələrə: minaaxtaranlara, minaaxtaran itlərə, mexaniki minatəmizləmə maşınlarına, regional bazalara, təlim mərkəzlərinə, təlim, tədqiqat və keyfiyyətin təminatı qurumuna, xüsusi əməliyyat və çevik əməliyyat qruplarına malikdir. ANAMA-nın Mina Təhlükəsinə dair Maarifləndirmə (MTM) və Minadan Zərərçəkənlərə Yardım sahələrində də kifayət qədər təcrübəsi vardır və hər iki sahə üzrə layihələr bu gün də uğurla həyata keçirilir”, – deyə ANAMA-dan bildirilib.

Hazırda ANAMA-nın MTM-lə bağlı fəaliyyəti əsasən 3 istiqamətdə aparılır – məktəb və icma səviyyəli fəaliyyət, milli potensialın yaradılması və əhali arasında ümumi təbliğat işləri. MTM üzrə dərslər 26 bölgələrdə 3 635 müəllim tərəfindən 1 200 məktəbdə keçirilir. Hal-hazırda bu kurs 55 000 şagirdi əhatə edir və növbəti illərdə də bunun davam etdirilməsi nəzərdə tutulur. Bununla yanaşı Azərbaycan Hökumətinin tapşırığına əsasən Əfqanıstan İslam Respublikasına qeyri-hərbi sahədə yardım layihəsi çərçivəsində 2008-ci ildən etibarən Agentlik tərəfindən bir sıra tədbirlər həyata keçirilib.

“MTM üzrə şagirdlər və müəllimlər üçün vəsait çap edilərək Əfqanıstan İslam Respublikasının Təhsil Nazirliyinə təqdim edilib. Aparılan danışıqlara əsasən bu kimi fəaliyyətin gələcək illərdə də davam etdirilməsi nəzərdə tutulur”,  deyə ANAMA-nın məlumatında qeyd olunub.

Agentlik həmçinin bildirir ki, Azərbaycanda Minadan Zərərçəkənlərə Yardım (MZY) Proqramı minadan zərərçəkənlərin cəmiyyətə inteqrasiya olunmalarına yönəlib. Proqram çərçivəsində “Minadan Zərərçəkənlərin Ehtiyaclarının Öyrənilməsi”, “Azərbaycan Мinadan Zərərçəkənləri üçün İcma Əsaslı Kiçik Biznes Təlimləri”, “Minadan zərərçəkənlərin sanatoriyada müalicəsi”, “Minadan zərərçəkmiş insanlara və yaxud onların ailə üzvlərinə xalçaçılıq və dərzilik təlimlərinin verilməsi ilə işə cəlb eləmək” və “Əlil arabalarının paylanması” kimi layihələr həyata keçirilib. Eyni zamanda, ANAMA beynəlxalq minatəmizləmə təşkilatları və digər milli minatəmizləmə qurumları ilə qarşılıqlı yardım və təcrübə mübadiləsini də uğurla həyata keçirir.

2009-cu ildən başlayaraq ANAMA dövlət proqramına müvafiq olaraq ikitərəfli əlaqələr çərçivəsində Əfqanistan, Gürcüstan, Tacikistan, Türkiyə və Ukraynadan olan mütəxəssislər üçün təlimlər keçirib. Bu sahədə görülən işlər hal-hazırda da davam etdirilir.

Təlim, Tədqiqat və Keyfiyyətə Təminat Qurumunun Təlim və Monitorinq Qrupu tərəfindən 2001-ci ildən bu günədək Humanitar Mina Aksiyası sahələri üzrə 193 təlim kursu keçirilib və bu təlimlərdə 2049 nəfərdən artıq müdavim iştirak edib. Onlardan 315 nəfər əcnəbi vətəndaş olub.

ANAMA ilə NATO/NSPA əməkdaşlığı  çərçivəsində “Saloğlu Layihəsi” üzrə 2005-2011-ci illərdə 5 700 000 kv.m və 2012-2018-ci illərdə “Ceyrançöl  təmizləmə layihəsi” üzrə 66 000 000 kv.m ərazinin  təmizlənməsi üzrə əməliyyatları uğurla yerinə yetirilib. Nəticədə “Saloğlu Layihəsi” və “Ceyrançöl  təmizləmə layihəsi” çərçivəsində ümumilikdə 658 526 ədəd mina və partlamamış hərbi sursat (PHS) aşkar edilərək zərərsizləşdirilib.

Bununla yanaşı, 2015-ci ildən indiyədək Agentlik tərəfindən Fövqəlqadə Hallar Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən, Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, yerli icra orqanları və digər qurumların müraciətləri əsasında təcili təxirəsalınmaz əməliyyatları (tək sursat əməliyyatları) aparılıb. 3 813 674 kv.m ərazi yoxlanılıb və nəticədə 16 493 ədəd mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.

Ümumilikdə, indiyədək Agentlik tərəfindən 535 431 256 kv.m ərazi təmizlənmiş, 803907 ədəd mina və PHS tapılaraq zərərsizləşdirilib.