17/09/2019 16:45

ANAMA Gəncədə keçirilən əməliyyat barədə operativ məlumat yayıb

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) sentyabr-17-də saat 12:16-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Gəncə şəhəri, Kəpəz rayonu, N.Nərimanov prospektində yerləşən “AL marketin” qarşısında tikinti işləri aparılarkən mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-nın mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis idarəsinin Kəpəz rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Gəncə şəhər Baş Polis idarəsinin Kəpəz rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 73 mm-lik PQ-9 raketi aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Raketin ətrafında 200 kv.m əraziyə yerüstü, 50 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 17 sentyabr 2019-cu il tarixlərində 175 siqnal (əməliyyat çağırışı) əsasında 151 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olib ki, nəticədə Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Xızı, Xocavənd, Qazax, Quba, Lənkəran, Salyan, Samux, Şamaxı, Şəmkir, Tərtər, Tovuz, Yevlax, Zaqatala rayonları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Şəki, Yevlax, Lənkəran, Naftalan şəhərləri ərazisində 11 ev və həyətyanı sahəyə, təmas xəttinə, əkin və otlaq sahəsinə, yol kənarına, dəmiryolunun yaxınlığına, daş karxanasına, dəniz sahilinə, məişət tullantıları ərazisinə, su kanalına, məktəbin həyətinə baxış keçirilib. 1 862 ədəd partlamamış hərbi sursat (PHS), 28 508 ədəd müxtəlif çaplı patron, 12 ədəd piyada əleyhinə mina, 21 ədəd tank əleyhinə mina və 35 ədəd tank əleyhinə təlim məqsədli mina zərərsizləşdirilib, 141 670 kv.m ərazi yerüstü və 10 147 kv.m ərazi yeraltı yoxlanılıb.