04/04/2018 21:22

ANAMA indiyədək 1200 məktəbdə 3 635 müəllimə təlim keçib – FOTO

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) 4 Aprel Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günün qeyd edib.

ANAMA-dan “AzeriDefence”yə verilən məlumata görə, Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü ilk dəfə 2005-ci ildə BMT Baş Assambleyasında elan edilmiş və hər il qeyd olunur. Bu təşəbbüs BMT və beynəlxalq təşkilatların köməyi ilə, dövlətlər tərəfindən mina və digər müharibə qalıqlarının təsirinə məruz qalmış ölkələrdə inkişaf və tərəqqiyə ciddi maneə olan, insanların yaşayış şəraiti, sağlamlıq və həyatı üçün təhlükəli olan mina problemi ilə mübarizənin daima davam etdirilməsinə çağırır.

Bildirilib ki, Mina Təhlükəsinə dair Maarifləndirmə (MTM) mina aksiyasının mühüm tərkib hissələrindən biri olmaqla mina və müharibənin partlamamış qalıqları (MPQ) təhlükəsi olan ərazilərdə və onlara yaxın yerlərdə məskunlaşan əhali arasında təhlükəsiz davranış qaydaları və məlumatların yayılmasını, onların xəbərdar edilməsini, eyni zamanda mina və MPQ-lərlə çirklənmiş ərazilərdə inkişaf və yenidənqurma layihələrinin həyata keçirilməsinə təminatı da nəzərdə tutur.

Belə ki, MTM fəaliyyəti 26 rayon və şəhəri əhatə edir. Bura həmçinin işğal olunmuş ərazilərdən məcburi köçkün düşərək düşərgə və cəbhə bölgələrində məskunlaşmış əhali kateqoriyası da daxildir.

2004/2005-ci tədris ilində Azərbaycan Respublikası Təhsil Nazirliyi, ANAMA və UNİCEF rəhbərləri arasında Anlaşma Memorandumu (AM) imzalanıb ki, bu da MTM proqramının orta məktəblərin tədris kursuna inteqrasiyasını nəzərdə tuturdu.

Bu günə kimi, 26 rayon və şəhərin 1 200 məktəbində 3 635 müəllimə 195 təlim keçirilib.  Hər il orta məktəblərdə 55 000 şagirdə MTM dərsləri keçirilir. İndiyə kimi bu dərslər orta məktəblərin 710 000 şagirdini əhatə etmişdir. Bir qayda olaraq, hər il “4 Aprel Günü” proqramın əhatə etdiyi 26 rayonun 1200 məktəbində minlərlə şagird və müəllim tərəfindən də anılır.

Bildirilib ki, MTM Proqramı çərçivəsində həyata keçirilən bütün fəaliyyətin nəticəsi olaraq, son illərdə minadan və MPQ-lərdən zərərçəkənlərin sayı minimuma endirilib.

4 Aprel gününü qeyd etmək məqsədi ilə MTM şöbəsi tərəfindən ANAMA nəzdində çalışan bütün qrup və bölmə rəhbərlərinə, supervayzerlərə, regional bazaların menecerlərinə, eləcə də Agentliyin podratçı təşkilat rəhbərlərinə (BAMF və “DAYAQ” Azərbaycan) tədbirlər planı göndərilib. Bu gün  Ağstafa, Ağcabədi, Füzuli, Göygöl, Tərtər rayonlarında və Cəbrayıl rayonunun azad olunmuş Cocuq Mərcanlı qəsəbəsində əməliyyatçılarımız tərəfindən müxtəlif formada görüşlər, brifinqlər, müzakirələr və maarifləndirmə tədbirləri həyata keçirilir. Bu gün ANAMA əməliyyatçıları Cocuq Mərcanlı qəsəbəsinin təhlükəli ərazilərinə gedən yolların girişlərində xəbərdarlıq məqsədi ilə bir neçə ədəd iri plakatlar da basdırıblar.

Məlumatda o da qeyd olunub ki, ümumilikdə Agentlik tərəfindən bugünədək 518 051 689 kv.m (51 805.17 ha) ərazi yoxlanılıb, 792 320 ədəd partlamamış hərbi sursat, 549 ədəd piyada əleyhinə mina və 1282 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.