01/08/2019 12:06

ANAMA: İyul ayında 249 ədəd PHS, 6 ədəd mina zərərsizləşdirilib

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) 2019-cu ilin iyul ayı ərzində ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları barədə məlumat yayıb.

ANAMA-dan “AzeriDefence”yə verilən məlumata görə, iyul ayı ərzində Agentlik tərəfindən Ağcabədi, Ağdam, Ağstafa, Cəbrayıl, Qazax, Quba, Samux, Tərtər, Tovuz rayonları, Bakı, Gəncə, Sumqayıt və Lənkəran şəhərləri ərazisində 1 066 491 m² (106,65 ha) ərazi yoxlanılıb, 249 ədəd partlamamış hərbi sursat (PHS), 6 ədəd tank əleyhinə mina (cəmi: 255 ədəd) aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 467 nəfər əməliyyat heyəti, 124 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 536 038 420 m² (53 603,84 ha) ərazi təmizlənib, 803 953 ədəd mina və partlamamış hərbi sursat (PHS)  tapılaraq zərərsizləşdirilib.

İyul ayı ərzində müraciətlər əsasında Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin və BP Azərbaycan şirkətinin əməkdaşları ilə birlikdə 14 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub ki, nəticədə Ağcabədi, Ağstafa, Quba, Samux, Tərtər, Tovuz rayonları, Bakı, Sumqayıt və Lənkəran şəhərləri ərazisində 2 655 kv.m ərazi yoxlanılmış, 44 ədəd partlamamış hərbi sursat (PHS) və 6 ədəd tank əleyhinə mina (cəmi: 50 ədəd) aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.

Məlumatda o da qeyd olunub ki, 2019-cu ilin iyul ayı ərzində 1 mina hadisəsi qeydə alınıb və Füzuli rayon sakini yüngül xəsarət alıb.