01/08/2018 13:42

ANAMA: İyulda 168 ədəd PHS və 5 ədəd mina aşkar edilib

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) 2018-ci ilin iyul ayı ərzində ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları barədə məlumat yayıb.

ANAMA-nın mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, 2018-ci ilin iyul ayı ərzində Agentlik tərəfindən Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Cəbrayıl, Daşkəsən, Füzuli, Goranboy, Göygöl, Xocavənd, Qazax, Qaradağ, Lənkəran, Tərtər, Tovuz rayonları, Gəncə və Sumqayıt şəhərləri ərazisində 424,299 m² (42.43 ha) ərazi yoxlanılıb, 168 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd piyada əleyhinə mina və 3 ədəd tank əleyhinə mina (cəmi 173 ədəd) aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 486 nəfər əməliyyat heyəti, 134 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 529,515,651 m² (52,951.57 ha) ərazi təmizlənib, 797,096 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.

İyul ayı ərzində Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng Mərkəzindən 8, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən 7, Dövlət Sərhəd Xidmətindən 2 və Rayon İcra Hakimiyyətindən – 1 müraciət daxil olub. Müraciətlər əsasında 11,170 m²  ərazi təmizlənib, 32 ədəd partlamamış hərbi sursat (PHS) aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.

2018-ci ilin iyul ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.