01/07/2019 11:19

ANAMA: İyun ayında 100-dən artıq partlayıcı sursat zərərsizləşdirilib – FOTO

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) 2019-cu ilin iyun ayı ərzində ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları barədə məlumat yayıb.

ANAMA-dan “AzeriDefence”yə verilən məlumata görə, iyun ayı ərzində Agentlik tərəfindən Ağdam, Ağstafa, Cəbrayıl, Xızı, Salyan, Samux, Tərtər rayonları, Bakı, Gəncə və Lənkəran şəhərləri ərazisində 520,723 m² (52.07 ha) ərazi yoxlanılıb, 99 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd tank əleyhinə mina (cəmi: 101 ədəd) və 1 ədəd tank əleyhinə təlim məqsədli mina aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 470 nəfər əməliyyat heyəti, 126 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 534,971,929 m² (53,497.19 ha) ərazi təmizlənib, 803,698 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.

İyun ayı ərzində müraciətlər əsasında Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları ilə birlikdə 8 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib, nəticədə Xızı, Salyan, Samux, Tərtər rayonları, Bakı, Gəncə və Lənkəran şəhərləri ərazisində 3,520 kv.m ərazi yoxlanılıb, 32 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd tank əleyhinə mina (cəmi: 34 ədəd) və 1 ədəd tank əleyhinə təlim məqsədli mina aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.

Məlumatda o da qeyd olunub ki, 2019-cu ilin iyun ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.