03/07/2018 18:17

ANAMA: İyunda 38 ədəd PHS və 1 ədəd tank əleyhinə mina aşkar edilib

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) 2018-ci ilin iyun ayı ərzində ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları barədə məlumat yayıb.

ANAMA-nın mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, 2018-ci ilin iyun ayı ərzində Agentlik tərəfindən Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Füzuli, Xızı, Xocavənd, Qazax, Lənkəran, Tərtər rayonları və Bakı, Gəncə və Yevlax şəhərləri ərazisində 281 091 m² (28.11 ha) ərazi yoxlanılıb, 38 ədəd partlamamış hərbi sursat və 1 ədəd tank əleyhinə mina (cəmi 39 ədəd) aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 484 nəfər əməliyyat heyəti, 134 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 529 091 352 m² (52 909.14 ha) ərazi təmizlənib, 796 923 ədəd mina və partlamamış hərbi sursat tapılaraq zərərsizləşdirilib.

İyun ayı ərzində Azərbaycan Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng Mərkəzindən 13, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən 9 və Dövlət Sərhəd Xidmətinin Sərhəd Mühafizə Xidmətindən 2 müraciət daxil olub. Müraciətlər əsasında 10,920 m² ərazi təmizlənib, 34 ədəd partlamamış hərbi sursat və 1 ədəd tank əleyhinə mina (cəmi 35 ədəd) aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.

2018-ci ilin iyun ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.