03/01/2019 10:35

ANAMA: Keçən il 53 min hektardan çox ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən 2018-ci il ərzində ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları barədə illik hesabatı açıqlayıb.

ANAMA-nın mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, 2018-ci il ərzində Agentlik tərəfindən Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Bərdə, Beyləqan, Biləsuvar, Cəbrayıl, Cəllabad, Daşkəsən, Füzuli, Goranboy, Göygöl, İsmayıllı, Lənkəran, Masallı, Naftalan, Qaradağ, Qax, Qazax, Salyan, Şəmkir, Tərtər, Tovuz, Ucar, Xaçmaz, Xızı, Xocavənd, Yevlax, Zaqatala rayonları və Bakı, Gəncə, Sumqayıt şəhərləri ərazisində 45,492,690 m² (4 549.27 ha) ərazi yoxlanılıb, 11,743 ədəd partlamamış hərbi sursat (PHS), 29 ədəd piyada əleyhinə və 17 ədəd tank əleyhinə mina (cəmi 11,789 ədəd) aşkar edilərək zərərsizləşdirilib.

İndiyədək cəmi 532,169,188 m² (53,216.92 ha) ərazi təmizlənib, 801,155 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.

2018-ci il ərzində Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng Mərkəzindən – 147, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən – 134, Dövlət Sərhəd Xidmətindən- 10, Rayon Polis Şöbələrindən – 4, Rayon İcra Hakimiyyətindən – 2 və Dövlət Təhlükəsizliyi Xidmətindən – 1 müraciət daxil olub. Müraciətlər əsasında Ağdam, Ağcabədi, Ağstafa, Astara, Abşeron, Daşkəsən, Beyləqan, Biləsuvar, Bərdə, Cəlilabad, Füzuli, Tərtər, Tovuz, Qazax, Qax, Qaradağ, Naftalan, Goranboy, Göygöl, Yevlax, Xızı, Xaçmaz, Şəmkir, Salyan, İsmayıllı, Lənkəran, Zaqatala rayonları, Bakı, Gəncə və Sumqayıt şəhərləri ərazisində 412,368 m² ərazi təmizlənib, 5,637 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd piyada əleyhinə və 10 ədəd tank əleyhinə mina (cəmi 5 649 ədəd) aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.

Qeyd edək ki, 2018-ci il ərzində Tərtər və Gədəbəy rayonları ərazisində 2 mina hadisəsi qeydə alınıb, nəticədə 3 mülki vətəndaş bədən xəsarətləri alıb.