07/03/2018 18:36

ANAMA Lənkəranda 22 ədəd top mərmisi zərərsizləşdirib

Martın 5-də Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Lənkəran rayonu, Liman şəhəri, Səməd Vurğun küçəsində 6 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan “AzeriDefence”yə verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə 1 ferma sahəsinə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində keçmiş hərbi hissə ərazisindən 22 ədəd 125 mm-lik top mərmisi (16 ədəd BK-13 və 6 ədəd OF-8) aşkar olunub, daşınması mümkün olmadığına görə martın 7-də yerində zərərsizləşdirilib.

Aşkar olunmuş mərmilərin ətrafında 600 kv.m əraziyə yerüstü, 50 kv.m əraziyə isə yeraltı baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.