06/07/2019 16:14

ANAMA: Lənkəranda 5 ədəd mina və 1 ədəd mərmi zərərsizləşdirilib

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Dövlət Sərhəd Xidmətindən Lənkəran şəhəri, Liman qəsəbəsi ərazisində 5 ədəd minanın və 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan “AzeriDefence”yə verilən məlumata görə, Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birlikdə yuxarıd adı qeyd olunan ərazidə dəniz sahilinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 100 mm-lik top mərmisi (OF-412), 3 ədəd tank əleyhinə TM-62M və 2 ədəd tank əleyhinə TM-62P3 minası aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Minaların və top mərmisinin ətrafında 200 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 06 iyul 2019-cu il tarixlərində 131 siqnal (əməliyyat çağırışı) əsasında 114 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Xızı, Xocavənd, Qazax, Lənkəran, Salyan, Samux, Şamaxı, Şəmkir, Tərtər, Tovuz, Yevlax, Zaqatala rayonları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Şəki, Yevlax, Lənkəran, Naftalan şəhərləri ərazisində 9 ev və həyətyanı sahəyə, əkin və otlaq sahəsinə, yol kənarına, dəmiryolunun yaxınlığına, daş karxanasına, dəniz sahilinə, məişət tullantıları ərazisinə, su kanalına, məktəbin həyətinə baxış keçirilib. 1,639 ədəd partlamamış hərbi sursat (PHS), 16,236 ədəd müxtəlif çaplı patron, 11 ədəd piyada əleyhinə mina, 17 ədəd tank əleyhinə mina və 30 ədəd tank əleyhinə təlim məqsədli mina zərərsizləşdirilib, 127,145 kv.m ərazi yerüstü və 8,602 kv.m ərazi yeraltı yoxlanıləb.