30/06/2015 17:59

ANAMA Lənkəranda minatəmizləmə əməliyyatı aparır

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Lənkəran şəhərində keçmiş Sovet ordusuna məxsus hərbi hissələrin ərazisində minatəmizləmə əməliyyatları aparır.
Bu barədə “AzeriDefence”yə ANAMA-nın baş əməliyyat mütəxəssisi Adil Aslanov məlumat verib.

A.Aslanovun sözlərinə görə, şəhərin içərisində yerləşən keçmiş hərbi hissənin, habelə dəniz sahilində əvvəllər mövcud olmuş tank taborunun ərazisində əməliyyatlar davam edir. Bu günədək şəhərin içərisində yerləşən hərbi hissədə 7-8 partlamamış döyüş sursatı tapılaraq zərərsizləşdirilib.

“Orada əvvəl artileriya taboru yerləşib. Yerli sakinlərin verdikləri məlumata görə, hərbi hissənin ətrafında minalara rast gəlinib. Əməliyyatlar zamanı ərazidəki binaların altında partlamamış sursatlar tapıldı”, – deyə A.Aslanov vurğulayıb.

A.Aslanov qeyd edib ki, cənub zonasında Lənkəran, Masallı, Astara və Cəlilabadda müxtəlif yerlərdə mina və PHS təhlükəsi ehtimal olunan ərazilər var.

ANAMA-nın mütəxəsisi bildirib ki, dənizkənarı ərazidə hələ də ləpələrin sahilə çıxardığı minalar tapılır. Bununla əlaqədar olaraq, həmin sahilyanı ərazilər təhlükəsizlik üçün çəpərlənib. Ərazidə əsaslı təmizləmə işlərinin 2016-cı ildə həyata keçirilməsi nəzərdə tutulur.

“Orada dənizin dibində topa halda mina və sursatların olması ehtimal edilir. Hansı ki, həmin anbarlar əvvəl quruda olub. Dəniz qalxanda isə suyun altında qalıb. Ötən il əməliyyatlar zamanı 153-ə yaxın mina tapılaraq zərərsizləşdirildi”, deyə – ANAMA nümayəndəsi əlavə edib.

A.Aslanov onu da qeyd edib ki, əməliyyatlar sentyabr ayına qədər davam edəcək.