05/06/2018 22:20

ANAMA: May ayında 129 ədəd PHS və 1 ədəd mina zərərsizləşdirilib

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) 2018-ci ilin may ayı ərzində ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları barədə məlumat yayıb.

ANAMA-nın mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, 2018-ci ilin may ayı ərzində Agentlik tərəfindən Ağcabədi, Ağdam, Ağstafa, Bərdə, Füzuli, Goranboy, Xızı, Qazax, Tərtər rayonları və Bakı şəhəri ərazisində 4 820 062 m² (482.01 ha) ərazi yoxlanılıb, 129 ədəd partlamamış hərbi sursat (PHS) və 1 ədəd piyada əleyhinə mina (cəmi 130 ədəd) aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 485 nəfər əməliyyat heyəti, 134 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 528 810 261 m² (52 881.03 ha) ərazi təmizlənib, 796 884 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.

May ayı ərzində Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng Mərkəzindən – 14 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən – 11 müraciət daxil olub. Müraciətlər əsasında 10 450 m² ərazi təmizlənib, 38 ədəd partlamamış hərbi sursat (PHS) aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.