01/06/2019 22:40

ANAMA: May ayında 298 ədəd PHS zərərsizləşdirilib

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik 2019-cu ilin may ayı ərzində ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları barədə məlumat yayıb.

ANAMA-dan “AzeriDefence”yə verilən məlumata görə, may ayı ərzində Agentlik tərəfindən Ağdam, Ağstafa, Cəbrayıl, Füzuli, Goranboy, Xocavənd, Qazax, Tərtər, Yevlax rayonları, Bakı, Gəncə, Sumqayıt, Şirvan və Lənkəran şəhərləri ərazisində 551,987 m² (55.20 ha) ərazi yoxlanılıb, 291 ədəd partlamamış hərbi sursat (PHS), 1 ədəd piyada əleyhinə mina və 6 ədəd tank əleyhinə mina (cəmi: 298 ədəd) aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 472 nəfər əməliyyat heyəti, 128 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 38 minaaxtaran it iştirak edir.
İndiyədək cəmi 534,451,206 m² (53,445.12 ha) ərazi təmizlənib, 803,597 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.

May ayı ərzində müraciətlər əsasında 15 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Ağdam, Ağstafa, Goranboy, Xocavənd, Qazax, Tərtər, Yevlax rayonları, Bakı, Gəncə, Sumqayıt, Şirvan, Yevlax və Lənkəran şəhərləri ərazisində 3,980 kv.m ərazi yoxlanılmış, 110 ədəd partlamamış hərbi sursat (PHS), 1 ədəd piyada əleyhinə mina, 6 ədəd tank əleyhinə mina (cəmi: 117 ədəd) və 6,491 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.

2019-cu ilin may ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.