13/11/2019 17:31

ANAMA-nın nümayəndələri NATO-nun tədbirində iştirak edib

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Direktoru Qəzənfər Əhmədov və Agetliyin Təlim, Tədqiqat və Keyfiyyətin Təminatı Qrupunun rəhbəri Elnur Qasımov Avro-Atlantik Tərəfdaşlıq Şurası formatında NATO Tərəfdaşlıq və Kooperativ Təhlükəsizlik Komitəsinin Yüngül və atıcı silahlar və mina fəaliyyəti üzrə ad hoc işçi qrupunun iclasında iştirak ediblər.

Bu barədə “AzeriDefence”yə ANAMA-nın mətbuat xidmətindən məlumat verilib.

İclasda NATO-nun Siyasi Məsələlər və Təhlükəsizlik Siyasəti Bölməsi yanında Silahlara nəzarət, tərksilah və kütləvi qırğın silahlarının yayılmaması Mərkəzi tərəfindən mina fəaliyyəti sahəsində həyata keçirilmiş işlər, bu sahədə mövcud risk və çağırışlar barədə məlumat təqdim olunub.

İclasda həmçinin Agentliyin fəaliyyəti və xüsusilə də Əfqanıstanda həyata keçirilən işlər barədə təqdimat verilib. Bununla yanaşı, ANAMA Direktoru NATO Baş Katibinin Qafqaz və Mərkəzi Asiya üzrə Xüsusi Nümayəndəsi  Ceyms Apaturay, Türkiyə Respublikasının NATO yanında daimi nümayəndəsi Basat Öztürk, Silahlara nəzarət, tərksilah və kütləvi qırğın silahlarının yayılmaması Mərkəzinin Direktoru Villiam Alberque (William Alberque) və həmin mərkəzin Direktor müavini Eirini Lemos-Maniati ilə ikitərəfli görüşlər keçiriblər.

Azərbaycan Respublikasının NATO Yanında Nümayəndəliyi tərəfindən təşkil olunan ikitərəfli görüşlərdə ANAMA-NATO/NSPA Sülh Naminə Tərəfdaşlıq Etimad Fondu çərçivəsində Agentlik tərəfindən uğurla həyata keçirilən Saloğlu və Ceyrançöl Təmizləmə Layihələrinin regionun inkişafına müsbət töhvə verməsi və bu kimi Layihələrin gələcəkdə də davam etdirilməsi haqqında fikir mübadiləsi aparılıb.