17/07/2019 10:49

ANAMA-nın yaradılmasının 21-ci ildönümü qeyd olunur

İyulun 18-də Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) yaradılmasının 21-ci ildönümüdür.

“AzeriDefence”nin ANAMA-nın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu münasibətlə ANAMA-nın rəhbərliyi və əməkdaşları iyulun 16-da Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad edib.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının unudulmaz xatirəsi yad edilib, “Əbədi məşəl” abidəsi önünə əklil qoyulub.

Qeyd edək ki, ANAMA 1998-ci il iyulun 18-də Azərbaycan Prezidentinin sərəncamı əsasında Ərazilərin Yenidənqurma və Bərpa Komitəsinin nəzdində yaradılıb. ANAMA ölkə daxilində həyata keçirilən bütün minatəmizləmə ilə bağlı olan fəaliyyəti planlaşdırmaq, əlaqələndirmək, idarə və nəzarət etməklə bərabər həm də icraçı təşkilat kimi Azərbaycan Hökumətilə BMTİP arasında 1999-cu il aprelin 2-də imzalanmış Azərbaycanda Mina Təhlükəsilə Mübarizə üzrə birgə Proqramı həyata keçirir.