18/07/2018 20:28

ANAMA-nın yaranmasının 20-ci ildönümü münasibətilə tədbir keçirilib

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) yaranmasının 20-ci ildönümü münasibətilə mərasim keçirilib.

“AzeriDefence”nin məlumatına görə, tədbirdə ANAMA-nın direktoru Qəzəngər Əhmədov, Azərbaycan Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov, daxili işlər nazirinin müavini Oruc Zalov, fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev və xarici ölkələrin Azərbaycandakı diplomatik korpuslarının nümayəndələri və ANAMA-nın əməkdaşları iştirak ediblər.

Mərasimdə çıxış edən ANAMA-nın direktoru Qəzənfər Əhmədov 20 il ərzində görülən işlər barədə məlumat verib. O qeyd edib ki, hazırda ANAMA-nın milli potensialı humanitar minatəmizləmə üçün bütün əsas resurs və vasitələrə malikdir. O, göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.

Daha sonra çıxış edən Azərbaycan Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov Prezident İlham Əliyevin təbrikini çatdırıb. Prezidentin köməkçisi qeyd edib ki, Agentlik fəaliyyətə başladığı dövrdən digər qurumlarla təcrübə mübadiləsi aparıb. O, ANAMA-nın 20 illik fəaliyyətini müsbət qiymətləndirib.

Tədbir çıxışlarla davam edib.

Sonda ANAMA-nın 20 illik fəaliyyətinə həsr edilən video-çarx nümayiş olunub.