05/07/2018 14:37

ANAMA operativ məlumat yayıb

Iyulun 4-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə Xidmətindən  Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində 11 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan “AzeriDefence”yə verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib. Havanın qaranlıq olması ilə əlaqədar olaraq, 5 iyul tarixində də əməliyyatlar davam etdirilib.

Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə Xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə dəniz sahilinə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd partlamamış hərbi sursat – 122 mm-lik top mərmisi (F-460) və 12 ədəd partlamış (boş) mərmilər aşkar olunub və götürülərək zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Mərmilərin tapıldığı yerin ətrafında 2 500 kv.m əraziyə (1 500 kv.m yeraltı və 1 000 kv.m yerüstü) baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.