03/04/2018 12:16

ANAMA ötən ay 1 542 ədəd PHS və mina zərərsizləşdirib

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) 2018-ci ilin mart ayı ərzində ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları barədə məlumat yayıb.

ANAMA-dan “AzeriDefence”yə verilən məlumata görə, 2018-ci ilin mart ayı ərzində Agentlik tərəfindən Ağcabədi, Ağdam, Ağstafa, Beyləqan, Cəbrayıl, Goranboy, Xızı, Lənkəran, Tərtər, Yevlax rayonları və Sumqayıt şəhəri ərazisində 4,410,908 m2 (441.09 ha) ərazi yoxlanılıb, 1,541 ədəd partlamamış hərbi sursat və 1 ədəd tank əleyhinə mina (cəmi 1,542 ədəd) aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 490 nəfər əməliyyat heyəti, 136 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 518,051,689 m2 (51,805.17 ha) ərazi təmizlənib və 794,151 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.

Mart ayı ərzində Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng Mərkəzindən – 12 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən – 13 müraciət daxil olub. Müraciətlər əsasında 8,050 m2 ərazi yoxlanılıb, 1,329 ədəd partlamamış hərbi sursat və 1 ədəd tank əleyhinə mina (cəmi 1,330 ədəd) aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.

Agentliyin məlumatında o da qeyd olunub ki, 2018-ci ilin mart ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.