01/02/2019 17:49

ANAMA: Ötən ay 158 ədəd PHS, 4 ədəd mina zərərsizləşdirilib

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) 2018-ci ilin noyabr ayı ərzində ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları barədə məlumat yayıb.

ANAMA-nın mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, 2019-cu ilin yanvar ayı ərzində Agentlik tərəfindən Ağdam, Ağcabədi, Ağstafa, Cəbrayıl, Füzuli, Goranboy, Göygöl, Qaradağ, Qazax, Salyan, Şəmkir, Tovuz, Tərtər, Xızı rayonları və Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Lənkəran, Şəki şəhərləri ərazisində 486,894 m² (48.69 ha) ərazi yoxlanılıb, 158 ədəd partlamamış hərbi sursat (PHS), 1 ədəd piyada əleyhinə və 3 ədəd tank əleyhinə mina (cəmi 162 ədəd) aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 477 nəfər əməliyyat heyəti, 136 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edir. İndiyədək cəmi 532,656,082 m² (53,265.61 ha) ərazi təmizlənib, 801,317 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.

Yanvar ayı ərzində Agentliyə daxil olan müraciətlər əsasında 20 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub ki, nəticədə Ağstafa, Goranboy, Göygöl, Xızı, Qazax, Salyan, Şəmkir, Tovuz rayonları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki və Lənkəran şəhərləri ərazisində 20,600 kv.m ərazi yoxlanılıb, 84 ədəd partlamamış hərbi sursat (PHS) və 2 ədəd tank əleyhinə mina aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.

2019-cu ilin yanvar ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.