01/12/2018 17:58

ANAMA: Ötən ay 341 ədəd PHS, 18 ədəd mina zərərsizləşdirilib

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) 2018-ci ilin noyabr ayı ərzində ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları barədə məlumat yayıb.

ANAMA-nın mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, noyabr ayı ərzində Agentlik tərəfindən Ağcabədi, Ağdam, Ağstafa, Beyləqan, Cəbrayıl, Füzuli, Şəmkir, Tərtər, Tovuz, Qaradağ rayonları və Bakı, Gəncə, Sumqayıt şəhərləri ərazisində 508,013 m² (50.80 ha) ərazi yoxlanılıb, 341 ədəd partlamamış hərbi sursat (PHS), 17 ədəd piyada əleyhinə mina və 1 ədəd tank əleyhinə mina (cəmi 359 ədəd) aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 480 nəfər əməliyyat heyəti, 135 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 531,572,550 m² (53,157.26 ha) ərazi təmizlənib, 800,951 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.

Noyabr ayı ərzində Daxili İşlər Nazirliyinin 102 Xidməti-Zəng Mərkəzindən 10, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən 8 və Rayon Polis şöbələrindən 2 müraciət daxil olub. Müraciətlər əsasında 12,630 m² ərazi təmizlənib, 176 ədəd partlamamış hərbi sursat (PHS) aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.

Məlumatda o da qeyd olunub ki, noyabr ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.